Bakıda Ombudsmanların XI Beynəlxalq
konfransı öz işini
davam etdirir
İyunun 19-da Bakıda Ombudsmanların XI Beynəlxalq konfransı öz işini davam etdirmişdir.
AzərTAc
xəbər verir ki, 18 iyun - İnsan Hüquqları
Günü və BMT-nin Ümumdünya İnsan
Hüquqları Bəyannaməsinin 65 illiyi münasibətilə
keçirilən tədbir "Davamlı inkişaf
strategiyalarının yeni mexanizmlərinin insan
hüquqlarının təbliğində və müdafiəsində
rolu" mövzusuna həsr olunmuşdur.
Konfransın ikinci günündə "BMT-nin cari və gələcək prioritetləri çərçivəsində strateji planlaşdırma və davamlı inkişaf proqramları" və "Bərabər hüquqların təmini üçün bərabər imkanlar: gender və yaşlılıqla bağlı məsələlərdə ayrı-seçkiliyin qarşısının alınması" mövzularında sessiyalar keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov "Davamlı inkişaf sahəsində strateji araşdırmaların əhəmiyyəti və rolu" mövzusunda məruzə etmişdir.
Qeyd olunmuşdur ki, davamlı inkişaf konsepsiyasının əsas ideyası sosial, iqtisadi və ekoloji inkişafın qarşılıqlı bağlılığı üçün şərait və mexanizmlərin yaradılması, təbii mühitin problemlərinin sosial-iqtisadi proseslərlə vəhdətdə baxılmasıdır. Beyin mərkəzləri elm və siyasət arasında bir körpüdür. Onlar yalnız tədqiqatla deyil, həmçinin təbliğat fəaliyyəti ilə də məşğuldur. Beyin mərkəzi olaraq strateji araşdırmalar mərkəzləri dövlətlər və cəmiyyətlər arasında əsas rol oynamaqdadır. Bu mərkəzlər öz tədqiqatları ilə davamlı inkişafa mane olan problemləri üzə çıxarır və onun həlli yollarını elmi əsaslarla göstərir.
Konfransda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "Mədəni hüquqlar insan hüquqlarının tərkib hissəsi kimi" mövzusu üzrə danışmışdır.
Qeyd olunmuşdur ki, müasir dövrdə davamlı inkişaf texnologiyalarla, internet məkanı ilə bağlıdır. Texnologiyaların, internetin imkanlarından istifadə etməklə hər hansı mədəni prosesi əks etdirmək mümkündür. Bir tərəfdən bu məkan açıqdır və oraya daxil olaraq mədəni prosesləri əks etdirmək olar. İnsan hüquqları, davamlı inkişaf haqqında danışarkən əvvəlcə yeni məkanda, virtual dünyada öz hüquqlarımızın qorunması haqqında düşünməliyik.
Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında əqli mülkiyyət hüquqlarının rolu və əhəmiyyətindən bəhs etmişdir.
Bildirmişdir ki, Azərbaycanda əqli mülkiyyətin təminatı sahəsində zəngin bir qanunvericilik bazası mövcuddur. Eyni zamanda, ölkəmiz müvafiq beynəlxalq konvensiyaların üzvüdür. Azərbaycanda ilk dəfə folklorun qorunması ilə bağlı qanun qəbul olunmuşdur. Bu, çox vacib amildir.
Əqli mülkiyyətin və əqli mülkiyyət hüquqlarının eyni məna daşıdığını deyən K.İmanov mədəni irsin siyasi baxımdan qorunmasının və təmin edilməsinin vacibliyini bildirmişdir.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev Azərbaycanda insanların sağlam ətraf mühitdə yaşamaq hüquqlarının təmin edilməsi sahəsində görülmüş işlər barədə məlumat vermişdir.
Moldova Ombudsmanı Aureliya Qriqoriu yoxsulluğun azaldılmasının ölkəsinin milli inkişaf strategiyasının 2020-ci ilədək olan prioritetlərdən biri olduğunu bildirmişdir.
Türkiyə Ombudsmanı Mehmet Nihat Ömeroğlu ombudsmanın insan hüquqları və bərabər imkanların müdafiəsi sahəsində mühüm rolunu qeyd etmişdir.
Konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Minilliyin inkişaf prinsipləri və gender bərabərliyi" mövzusunda məruzə etmişdir.
Qeyd olunmuşdur ki, Azərbaycanda qadınların cəmiyyətin müxtəlif sahələrində fəal iştirakının təmin edilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmiz gender bərabərliyi və qadın hüquqlarının qorunması üzrə mühüm beynəlxalq sənədlərə qoşulmuşdur. Qəbul olunmuş bir sıra dövlət proqramları ölkənin siyasi, sosial, iqtisadi, mədəni həyatında qadınların rolunun artırılmasında mühüm əhəmiyyət daşıyır.
Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov Azərbaycanda aparılan genişmiqyaslı islahatların tərkib hissəsi kimi sığorta-pensiya sisteminin yenidən qurulması və onun davamlı inkişafına nail olunması üçün görülən işlər barədə məlumat vermişdir.
Tədbirdə "Dağıstan Respublikasında kişi və qadın arasında bərabər hüquqların müdafiəsi üzrə monitorinq: təcrübə, problemlər və onların həlli yolları", "İnsan hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu", "Ümumdünya İnsan Hüquqları Bəyannaməsi kontekstində davamlı inkişaf və insan hüquqları: beynəlxalq hüquqi aspektlər" və s. mövzularında çıxışlar dinlənilmiş, müzakirələr aparılmışdır.
İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova müzakirə olunan məsələlərin əhəmiyyətini vurğulayaq bildirmişdir ki, beynəlxalq konfransların keçirilməsi təcrübə mübadiləsinin aparılmasına və əməkdaşlığın yeni formalarının işlənib hazırlanmasına şərait yaradır.
Beynəlxalq konfrans iyunun 20-də başa
çatacaqdır.
Azərbaycan.-2013.- 20 iyun.- S.3.